Şəki Open 2026 start götürdü

19 iyun tarixində Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şəki şəhərində Sheki Open 2026 Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, yarışın təşkilatçısı Təbriz İdrisov və VMF şirkətinin rəhbəri Vahid Mustafayev çıxış edərək iştirakçıları salamlayıb, festivalın əhəmiyyətindən və Azərbaycanın şahmat ənənələrindən bəhs ediblər. Fəxri qonaqlar sırasında Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov da yer alıb.

Daha sonra festivalın baş hakimi, beynəlxalq hakim Şaiq Quliyev yarışın qaydaları və təşkilati məsələlər barədə iştirakçılara ətraflı məlumat verib.

Rəsmi hissənin sonunda fəxri qonaqlar tərəfindən rəmzi ilk gediş edilib və bununla da Sheki Open 2026 Beynəlxalq Şahmat Festivalına start verilib.

Festivalda Azərbaycanla yanaşı Macarıstan, Hindistan, İsrail, Qazaxıstan, Çin, İran, Türkiyə, Ukrayna və FIDE bayrağı altında çıxış edən şahmatçılar olmaqla 9 ölkədən 400-dən çox şahmatçı iştirak edir.

Beynəlxalq reytinq hesablamalı turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Yarış iştirakçıları A, B və C qruplarında, həmçinin rapid və blitz turnirlərində mübarizə aparacaqlar.

Turnirin reytinq favoriti Macarıstan təmsilçisi, qrossmeyster Sanan Sjugirovdur (2556).

Festival peşəkar şahmatçılarla yanaşı, gənc istedadların inkişafı üçün də mühüm platforma hesab olunur. Yarışda beynəlxalq qrossmeysterlər, beynəlxalq ustalar, FIDE ustaları və müxtəlif yaş kateqoriyalarında çıxış edən perspektivli şahmatçılar iştirak edirlər.

Son illərdə beynəlxalq şahmat yarışlarının təşkilində zəngin təcrübə qazanan Azərbaycan növbəti dəfə dünyanın müxtəlif ölkələrindən olan şahmatçıları bir araya gətirərək ölkənin idman potensialını və turizm imkanlarını nümayiş etdirir.

Sheki Open 2026 Beynəlxalq Şahmat Festivalı iyunun 25-dək davam edəcək. Qaliblərin mükafatlandırılması mərasimi də həmin gün keçiriləcək.